2020-10-01
UFAZ idarə heyəti Anglo Asian Mining şirkətinin nümayəndələri ilə görüşüb
Görüşdə UFAZ direktoru, dosent Vazeh Əskərov, baş katib Elizaveta Bidanova, Təhsil Departamentinin müdiri Lətifə Nəsibova, UFAZ-ın Geofizika üzrə Proqram Koordinatorları Elşən Abdullayev və Fidan Aslanzadə, Anglo Asian Mining şirkətinin Geologiya və Mədən şöbəsinin direktoru Stephen Westhead və şirkətin Kəşfiyyat Geologiya meneceri Anar Vəliyev iştirak edib.
Görüşdən əvvəl qonaqlar Strasburq Universitetinin mühəndisləri tərəfindən inşa edilmiş UFAZ-ın 6 mərtəbəli elmi-tədris laboratoriyası ilə tanış olublar.
Universitetdə tədris olunan ixtisaslar, magistratura proqramı və təcrübə imkanları haqqında qonaqlara geniş məlumat verən Elizaveta Bidanova UFAZ-ın yüksək keyfiyyətdə təhsil imkanları təklif etdiyini vurğulayıb.
Geofizika sahəsi üzrə aparılan tədqiqatlardan və onların əhəmiyyətindən bəhs edən Stephen Westhead UFAZ və Anglo Asian Mining şirkəti arasında gələcəkdə baş tutacaq magistratura sahəsi üzrə tədqiqat istiqamətində əməkdaşlıq haqqında da danışıb. Bu cür görüşlərin hər iki qurum arasında geniş əlaqələrin yaranmasında müsbət rol oynayacağını vurğulayan direktor UFAZ tələbələrinin Anglo Asian Mining şirkətində təcrübə keçmək və gələcəkdə Geofizika sahəsi üzrə şirkət mütəxəssislərinin universitetdə mühazirə aparmaq kimi imkanların ola biləcəyindən də bəhs edib.
Qeyd edək, şirkətin əsas əməliyyatları Azərbaycanda 1062 kv. km ərazini əhatə edən üç müqavilə sahəsini əhatə edir. Şirkət, 2009-cu ilin may ayından Qərbi Azərbaycanın Gədəbəydəki açıq mədənində qızıl istehsal etməyə başlayıb. Gədəbəy açıq karxanasından 700 metr məsafədə yeraltı mədən olan Qədir 2015-ci ildə, emal müəssisələrindən 3 kilometr məsafədə yerləşən yeni aşkarlanan qızıl filizi yatağı olan Uğur isə 2017-ci ilin sentyabr ayında istehsalına başlamışdır.
"Anglo Asian Mining" Azərbaycanda "Gədəbəy", "Ordubad", "Qoşa Bulaq", "Qızıl Bulaq", "Vejnəli" və "Söyüdlü" yataqlarında hasilat hüququna malikdir.