2021-06-18
Alexander Wattinin fransız dilində nəşr olunmuş "Cənub-qərb maquislərindən I fransız ordusuna qədər" kitabı
18 iyun 2021-ci il tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Azərbaycan-Fransa arasında əlaqələrin inkişafına öz töhfəsini vermiş yazıçı, redaktor və tarixçi Alexander Wattinin fransız dilində nəşr olunmuş "Cənub-qərb maquislərindən I fransız ordusuna qədər" kitabının təqdimat mərasimi keçirilib. Kitab Azərbaycan Respublikası Prezidentinin 11 avqust 2020-ci il tarixli Sərəncamına əsasən İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illiyinə həsr olunub.
Tədbirdə fransalı yazıçı, redaktor və tarixçi Alexander Wattin, Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşlıq və mədəniyyət müşaviri və Azərbaycanda Fransız İnstitutunun (IFA) direktoru Jerrome Kelle, Mərakeşin Azərbaycandakı Səfiri Mohamed Adil Embarch, Xarici İşlər Nazirliyinin nümayəndəsi və kitabın redaktoru Gülnarə Məmmədova, UFAZ-ın icraçı direktoru Vazeh Əskərov, həmçinin əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun ailə üzvləri - qızı Almaz Cəbrayılova, oğlu Çingiz Cəbrayılov, nəvələri və digər qonaqlar iştirak edib.
Xarici İşlər Nazirliyinin nümayəndəsi və kitabın redaktoru Gülnarə Məmmədova çıxışında Əhmədiyyə Cəbrayılovun Azərbaycan gəncliyi üçün örnək olduğunu və onun haqqında yazılan kitabların gələcək nəsillər üçün böyük önəm kəsb etdiyini vurğulayıb.
Əfsanəvi partizan Ə. Cəbrayılovun qızı A.Cəbrayılova da çıxışında kitabın müəlliflərinə və tədbirin təşkilatçısı UFAZ-a təşəkkürünü bildirib. Atası haqqında xatirələrindən danışan A.Cəbraylova Azərbaycan və eyni zamanda Azərbaycanın qəhrəman oğulları ilə bağlı tarixi həqiqətlərin və erməni saxtakarlığını ifşa edən faktların yer aldığı belə bir kitabın mühüm əhəmiyyət daşıdığını deyib.
"Cənub-qərb maquislərindən I fransız ordusuna qədər" kitabının müəllifi Alexander Watt bəşəriyyətin XX əsrdə məruz qaldığı qorxunc faşizm təhlükəsindən xilas edilməsində və nasizm üzərində qələbə çalınmasında böyük xidmətlər göstərmiş, eyni zamanda qəhrəmanlıq ənənələrini Azərbaycanın hüdudlarından uzaqlarda layiqincə yaşatmış Əhmədiyyə Cəbrayılovun igidliklərindən danışarkən onu fədakarlığın parlaq rəmzi, hünər və cəsarətin bariz nümunəsi olduğunu bildirib.
Yazıçı çıxış edərək kitabın ərsəyə gəlməsində əməyi olan insanlara və UFAZ-a tədbirə ev sahibliyi etdiyi üçün öz təşəkkürünü bildirib.
Yazıçı, tarixçi Alexander Wattin Azərbaycan Fransa dövlətləri arasında mədəni əlaqələrin inkişafına töfhəsinə görə Azərbaycan-Fransız Universitetinin rəhbərliyi tərəfindən sertifikatla mükafatlandırılıb.
Eyni zamanda Azərbaycan-Fransız Universitetinin direktoru Vazeh Əskərov A. Wattin tərəfindən Fransız Suvenirləri qurumunun rəsmi ordeni və diplomu ilə təltif olunub.
Sonda Fransa müqavimət hərəkatının nümayəndəsi Əhmədiyyə Cəbrayılova həsr edilən sərgiyə baxış olub.