DONATE TO UFAZ

UFAZ-ın Kimya mühəndisliyi ixtisasının məzunu Rəhim Əlizadə ilə müsahibə

2020-11-11

Bildiyiniz kimi 2020-ci ildə UFAZ ilk məzunlarını öz gələcək təhsil və karyera həyatlarına yola saldı. Hazırda onlardan bir çoxu Azərbaycanda, eləcə də digər ölkələrdə öz magistratura təhsillərini davam etdirir. Təhsillərini davam etdirməklə yanaşı, bir çox tələbəmiz öz sahəsi üzrə müxtəlif nüfuzlu yerli və beynəlxalq şirkətlərdə işləməyə də başlayıb. 

Bu gündən etibarən hər həftə sizləri həmin məzunlar və onların hazırki fəaliyyətləri ilə tanış edəcəyik.

UFAZ-ın Kimya mühəndisliyi ixtisasının məzunu Rəhim Əlizadə hazırda Fransanın CentraleSupélec Texniki Universitetinin magistratura proqramı üzrə təhsil alır. Məzunumuzun müsahibəsi ilə tanış olaq!

Fransada təhsil almağın üstünlükləri nədən ibarətdir?

Fransa, mənim fikrimcə, Avropanın təhsil almaq üçün ən ideal ölkələrindən biridir. Buna əsas səbəblər kimi hər sahə üzrə ixtisaslaşmış universitetlər və mühəndislik məktəblərini, tələbələrə dəstək üçün yaradılmış xüsusi sosial və iqtisadi sistemləri, çoxlu sayda təqaüd proqramlarını, universitetlərdə tələbələrin sahibkarlıq və biznesə inteqrasiyası üçün təşkil edilən inkubator proqramlarını və s. göstərə bilərəm.

Təhsil həyatınız pandemiya şəraitində necə davam edir?

Bildiyiniz kimi Fransa ötən həftədən başlayaraq tam karantin rejiminə keçib. Buna görə də, dərslərimizin hamısı artıq onlayn keçirilir. Yalnız praktiki işlər və laboratoriya sessiyaları normal qaydada davam etdirilir. 

Azərbaycanlı tələbələr Fransada ölkəmizin tanıdılması üçün nə kimi səylər göstərir? 

Mənim gördüyüm işlərdən biri buradakı beynəlxalq tələbələr assosiyasiyasına (Bureau De l’International) qoşularaq ölkəmiz haqda həqiqətləri insanlara çatdırmaq, həmçinin insanları ölkəmizin mədəniyyəti, mətbəxi və tarixi haqda məlumatlandırmaqdır.

Ümumiyyətlə, Azərbaycan haqda təəssüratlar müsbətdir lakin bəzi mövzularda yanlış məlumatlandırılıblar. Əsasən Azərbaycanı ev sahibi olduğumuz beynəlxalq yarışlardan tanıyırlar.

UFAZ-ın sizin təhsil həyatınızda rolu nədən ibarət oldu? 

UFAZ mənim akademik həyatımın ən vacib hissəsi olan bakalavr təhsilimi aldığım universitet oldu. Düşünürəm ki, universitet təzə yaradılanda bizə verdiyi – ölkəni tərk etmədən Avropa keyfiyyətli təhsil – vədini yerinə yetirdi. Bu günə qədər UFAZ tələbələri və daha sonra məzunları olaraq qazandığımız uğurlara görə UFAZ-a və müəllimlərimizə çox şeyi borcluyuq.